cümə 10 oktyabr 2025 - 14:38
Məhdəviyyət müzakirələri (14) | İmam Məhdinin (ə.f) zühurunun şərtləri və zəminələri

Dünyada baş verən hər bir hadisə yalnız onun şərt və zəminələrinin təmin olunması ilə meydana gəlir və zəminələr reallaşmadıqda isə heç bir varlığın mövcudluğu mümkün olmaz.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, “İdeal cəmiyyətə doğru” adı altında Məhdəviyyət müzakirələri İmam Zamanın (ə.f) təlim və maarifini yaymaq məqsədilə dəyərli ziyalılara təqdim olunur.

İmam Mehdinin (ə.f) zühurunun müəyyən şərtləri və əlamətləri vardır ki, bunlardan bəzilərinə zühurun zəminələri (şərtləri), bəzilərinə isə əlamətləri deyilir. Bu ikisi arasındakı fərq ondadır ki, zəminələr zühurun reallaşmasında həqiqi təsirə malikdir. Belə ki, onlar təmin olunduqda zühur baş verir və onlar olmadıqda isə zühur mümkün olmur. Halbuki əlamətlər zühurun baş verməsində heç bir rola malik deyil, sadəcə olaraq zühurun özünə və yaxud onun yaxınlaşmasına işarə edən nişanələrdir.

Qeyd olunan fərqə diqqət etdikdə aydın olur ki, zəminə və şərtlər, əlamət və nişanələrdən daha mühümdür. Buna görə də biz əlamətlərin axtarışından daha çox zəminələrin təmininə yönəlməli, bacardığımız qədər onların gerçəkləşməsi üçün çalışmalıyıq. Elə bu səbəbdən də əvvəlcə zühurun zəminələri və şərtləri izah olunacaqdır.

Zühurun zəminələri

Dünyadakı hər bir hadisə yalnız onun şərt və zəminələri mövcud olduqda meydana gəlir və zəminələr reallaşmadıqda heç bir varlığın mövcudluğu mümkün olmaz. Hər bir torpaq toxum yetişdirməyə qadir olmadığı kimi, hər bir iqlim də bütün bitkilərin boy atması üçün münasib deyildir. Əkinçi yalnız zəruri şərtləri təmin etdikdə məhsul götürməyə ümid edə bilər.

Bu əsasa görə, hər bir inqilab və ictimai hadisə də öz zəminə və şərtlərinə bağlıdır. İmam Mehdinin (ə.f) qlobal qiyam və inqilabı dünyanın ən böyük hərəkatıdır. Bu prinsipdən istisna deyildir və zəminələr və şərtlər təmin olunmadan baş verməyəcəkdir.

Bununla məqsəd budur ki, İmam Mehdinin (əleyhis-salam) qiyamı və hakimiyyətinin dünya yaradılışını idarə edən qanunlardan istisna olduğu düşünülməsin. Həzrətin islahatçı hərəkəti möcüzə ilə adi səbəb və amillər olmadan nəticəyə çatmayacaqdır. Əksinə, Qurani-Kərim və məsum imamların (ə) təlimlərinə əsasən, ilahi qayda belədir ki, aləmdəki işlər təbii vasitələr və adi səbəblər yolu ilə həyata keçsin.

İmam Sadiq (ə) bu barədə buyurur:

«أَبَیَ اللهُ أَنْ یُجْرِیَ الأَشْیاءَ إِلَّا بِأَسْبَابٍ»


Allah-Təala işlərin gerçəkləşməsini səbəblərdən başqa bir vasitə ilə həyata keçməsini istəmir.

(Kafi, c.1, s.183)

Əlbəttə, deyilənlər bu məna daşımır ki, Məhdəviyyət hökumətinin yaradılmasında ilahi və qeybi yardımlar mövcud olmayacaq. Məqsəd budur ki, həmin yardımlarla yanaşı adi zəminələr, amillər və şərtlər də təmin olunmalıdır.

İmam Mehdinin (ə.f) qlobal qiyam və inqilabının ən mühüm zəminələri dörd əsas ünsürdür. Biz onların hər birini ayrıca araşdıracağıq:

A. Plan və proqram

Aydındır ki, hər bir qiyam və islahatçı hərəkat iki proqramı zəruri bilir:

1. Mövcud problemlərlə mübarizə aparmaq üçün qüvvələrin təşkilatlanması əsasında hazırlanmış hərtərəfli proqram.


2. Cəmiyyətin bütün ehtiyaclarına uyğun, fərdi və ictimai hüquqları təmin edən, ədalətli dövlət quruluşunu təmin edən və cəmiyyəti ideal vəziyyətə doğru aparan kamil qanun.

Qurani-Kərimin təlimləri və məsum imamların yolu. Yəni həqiqi İslam, İmam Zamanın (əleyhis-salam) ixtiyarındadır və həzrət bu ilahi, əbədi manifest əsasında fəaliyyət göstərəcəkdir. Bu kitabın ayələri, insan həyatının bütün incəliklərinə və maddi-mənəvi ehtiyaclarına bələd olan uca Allah tərəfindən nazil edilmişdir. Buna görə də onun qlobal inqilabı proqram və qanun baxımından misilsiz bir dayağa malikdir və heç bir islahatçı hərəkatla müqayisə oluna bilməz.

Bunun ən bariz sübutu odur ki, müasir dünya, bəşəri qanunları sınaqdan keçirib onların zəifliyinə şahid olduqdan sonra, artıq tədricən ilahi qanunların qəbuluna hazırlaşır.

B: Rəhbərlik

Bütün qiyam və inqilablarda rəhbərin mövcudluğu ilkin və ən əsas zərurətlərdən hesab olunur. Qiyam nə qədər genişmiqyaslı və məqsədləri nə qədər uca olarsa, həmin hədəflərə uyğun, güclü və bacarıqlı rəhbərə ehtiyac da bir o qədər artır.

Zülm və istibdada qarşı qlobal mübarizə yolunda, yer üzündə ədalət və müsavat hakimiyyəti üçün, dərin bilik və qüdrətə malik, qayğıkeş, düzgün və qətiyyətli idarəçilik bacarığı olan rəhbərin varlığı inqilabın əsas dayağıdır.

Həzrət Mehdi (əleyhis-salam) peyğəmbərlərin və övliyaların xülasəsidir və böyük qiyamın rəhbəri olaraq hal hazırda yaşayır.  O, qeybi aləmlə bağlılığı sayəsində varlıq aləminə və ondakı münasibətlərə tam agahlığa malik olan öz dövrünün ən bilikli insanıdır.

Peyğəmbər Əkrəm (s) buyurmuşdur: 

«أَلَا إِنَّهُ وَارِثُ کُلِّ عِلْمٍ وَ الْمُحِیطُ بِکُلِّ فَهْمٍ.» (خطبه غدیر)

«Agah olun! O (Məhdi) bütün elmlərin varisidir və bütün biliklərə tam şəkildə bələd və hakimdir.»
(Qədir xütbəsi)


C: Yoldaşlar

Zühurun reallaşması üçün zəruri olan digər bir şərt isə qlobal qiyamı dəstəkləyəcək və dünya hökumətinin idarə işlərini həyata keçirəcək layiqli və sədaqətli köməkçilərin mövcudluğudur. Aydındır ki, ilahi rəhbərliklə həyata keçiriləcək qlobal inqilab üçün uyğun səviyyədə köməkçilər tələb olunur. Bu elə bir meydandır ki, hər kəs sadəcə iddia ilə orada iştirak edə bilməz.

D: Ümumi hazırlıq

Məsum imamların (ə) müxtəlif dövrlərində tarix göstərmişdir ki, insanlar onların hüzurundan layiqincə faydalanmaq üçün kifayət qədər hazırlığa malik olmamışlar. Onlar imamın hidayət çeşməsindən lazımınca bəhrələnməmişlər. Bu səbəbdən Allah-Təala sonuncu ilahi höccəti gizlətmişdir ki, bütün insanlar onun qəbuluna hazır olduğu zaman zühur etsin və hər kəsi ilahi maarif mənbəyindən sirab etsin.

Deməli, ümumi hazırlıq zühurun ən mühüm şərtlərindən biridir. Bu hazırlıq vasitəsilə Həzrətin islahatçı hərəkatı arzuolunan nəticəyə çatacaqdır. Zühur ancaq o zaman baş verəcəkdir ki, bütün bəşəriyyət qəlbinin dərinliklərindən sosial ədaləti, əxlaqi və mənəvi təhlükəsizliyi, həmçinin ruhi inkişaf və kamilliyi arzulayacaqdır.

Aydındır ki, imamın hüzurunu dərk etmə həvəsi yalnız o zaman zirvəyə çatacaqdır ki, insanlıq müxtəlif dövlət və siyasi sistemləri sınaqdan keçirərək, yalnız Allahın yer üzündəki xəlifəsi Həzrət Mehdinin (əleyhis-salam) fəsad və zülmdən qurtuluş gətirə biləcəyini dərk etsin. İnsanlar anlayacaqlar ki, pak və ilahi həyatı təmin edən yeganə proqram ilahi qanunlardır. Bu dərk nəticəsində onlar imamın zühuru üçün zəminə yaratmağa çalışacaq, maneələri aradan qaldıracaqlar və məhz bu anda fərəc və genişlik gələcəkdir.

Peyğəmbər Əkrəm (s) bir hədisdə buyurmuşdur:
«... حَتَّی لاَ یَجِدُ اَلرَّجُلُ مَلْجَأً یَلْجَأُ إِلَیْهِ مِنَ اَلظُّلْمِ، فَیَبْعَثُ اَللَّهُ رَجُلاً مِنْ عِتْرَتِی... .» (اثبات الهدی، ج ۵، ص ۲۴۴)

«…Elə bir zaman gələcək ki, möminlər zülmün şərindən sığınacaq tapa bilməyəcək. O vaxt isə Allah mənim Əhli-beytimdən olan bir şəxsi (qiyama) qalxmağa əmr edəcəkdir...»
(İsbatul-huda, c.5, s.244)

Bu müzakirələrin ardı var....

Mənbə: Negine afərineş kitabı, müəyyən dəyişikliklərlə

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha